Azərbaycanda avtomobillər kəskin ucuzlaşır? – AÇIQLANDI
İkinci əl avtomobillərin satışında ƏDV-nin hesablanması qaydasının dəyişdirilməsi təklif olunur. Yeni qaydaya əsasən, müəyyən şərtlərə cavab verən avtomobillərin təkrar satışında vergi avtomobilin tam qiymətindən deyil, yalnız dilerin ticarət əlavəsindən hesablanacaq.
Bu dəyişiklik avtomobillərin qiymətlərini ucuzlaşdıracaqmı?
TodayPress TV xəbər verir ki, Globalinfo.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov deyib ki, ƏDV-nin hesablanması zamanı avtomobillər arasında hər hansı fərq qoyulmamalıdır:
“Necə ki, ticarət köşklərində və marketlərdə ƏDV hesablanır, avtomobillərin alqı-satqısında da eyni qayda tətbiq olunmalıdır. Bunun üstünlüyü ondan ibarətdir ki, bütün avtomobillərə maraq artacaq və bu mexanizm onların hamısına şamil ediləcək”.
Ekspert bildirib ki, dəyişiklik birtərəfli qaydada, yalnız dilerlərin gəlirlərini artırmaq və ya onların xeyrinə reklam xarakterli addım kimi həyata keçirilərsə, qiymətdə ciddi fərq yaratmayacaq:
“Çünki hazırda vətəndaşlar həm yeni, həm də ikinci əl avtomobilləri daha çox xaricdən birbaşa gətirməyə üstünlük verirlər. Onlar əlavə xərc tələb etməyən və daha sərfəli prosedurlarla avtomobil sahibi olmağa çalışırlar.
Buna misal olaraq dilerlərdən alınan avtomobillərlə və vətəndaşların özlərinin xaricdən gətirərək müvafiq qaydada rəsmiləşdirdikləri avtomobillər arasındakı qiymət fərqini göstərmək olar. Bu baxımdan, ikinci variant sahibkarlar və alıcılar üçün daha cəlbedici görünür. Bunun bir neçə səbəbi var. Əsas səbəb maliyyə fərqidir. Belə ki, dilerlərdə və avtomobil salonlarında satılan nəqliyyat vasitələrinin qiyməti eyni modelin digər satış kanalları ilə təklif olunan qiymətindən xeyli yüksək olur. Məhz bu amillər alıcıların avtomobilləri rəsmi dilerlərdən almağa marağını azaldır”.