Yaxın Şərqdə müharibə qiymət artımına səbəb olacaq - XƏBƏRDARLIQ

Dünya

06.03.2026 13:32

Moldova Prezidenti Maya Sandu Yaxın Şərqdəki müharibə səbəbindən ölkədə yalnız yanacaq deyil, digər malların da bahalaşa biləcəyi barədə xəbərdarlıq edib.  

TodayPress TV xəbər verir ki, Sandu bu barədə “Jurnal TV” kanalına müsahibəsində danışıb.

O bildirib ki, münaqişə davam edərsə, enerji resurslarının qiyməti ilə yanaşı digər məhsulların da bahalaşması mümkündür. 

“Problemin daha ciddi ola biləcəyini anlamalıyıq. Biz müəyyən ehtiyatlar yaratmağa çalışırıq, lakin yanacaq istehsal etmirik və tamamilə idxaldan asılıyıq”, – deyə Sandu bildirib.

Onun sözlərinə görə, mövcud qeyri-müəyyənlik iqtisadi proqnozları çətinləşdirir.

“Dünyada münaqişələrin sayı artır və buna görə də qlobal sistemə və qlobal qaydalara əvvəlki kimi güvənmək getdikcə çətinləşir”, – deyə Moldova prezidenti əlavə edib.

Məlumata görə, İran və Fars körfəzi ətrafında yaranmış vəziyyətlə əlaqədar Moldova hökuməti enerji sektorunda 60 günlük yüksək hazırlıq rejimi elan edib. Hakimiyyət orqanları daxili istehlak üçün yanacaq ehtiyatlarını artırmağa çalışır. 

Bundan əlavə, enerji sektorunda tətbiq edilən xüsusi rejim çərçivəsində pik saatlarda özəl şirkətlərə elektrik satışına məhdudiyyətlər qoyulub.

Qeyd edək ki, Moldova son illər qaz və elektrik qiymətlərinin artması səbəbindən enerji böhranı yaşayır. Ötən il Ukraynanın öz ərazisi ilə Rusiya qazının tranzitini dayandırması nəticəsində Transnistriyadakı Moldavskaya QRES elektrik stansiyasında enerji istehsalı azalıb. 

Hazırda Moldova qaz və elektrik enerjisini əsasən Avropa tədarükçülərindən alır, lakin bu istiqamətdəki elektrik ötürücü xətləri bəzən yükə tab gətirməyərək dayanır.

Qiymət Mahir

tag: Moldova ,Maya Sandu,Yaxın Şərq,Müharibə,Todaypress.tv,