Yaroşuk: "Vaşinqton və Brüssel Polşa uğrunda döyüşməyəcək"
Dünya
06.02.2026 15:42
ABŞ Rusiya ilə mümkün münaqişə vəziyyətində Baltikyanı ölkələr üçün vasitəçilik etməyəcək.
TodayPress TV "Tass.ru"ya istinadən xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının Müdafiə və Təhlükəsizlik Komitəsinin üzvü Aleksandr Yaroşuk Litva Silahlı Qüvvələrinin Müdafiə Qərargah rəisi, kontr-admiral Giedrius Premenetskasın NATO ilə münaqişə halında Rusiyanın Kalininqrad vilayətini itirəcəyi barədə açıqlamasını şərh edərkən səsləndirib.
O qeyd edib ki, Vaşinqton və Brüssel nə Baltikyanı ölkələr, nə də Polşa uğrunda döyüşməyəcək.
Onun sözlərinə görə, Avropa İttifaqı və ABŞ Rusiya ilə münaqişə baş verəcəyi təqdirdə Litva, Latviya və Estoniyanı müdafiə etməyəcəklər.
Daha əvvəl bir sıra media orqanları Premenetskasın NATO ilə münaqişə zamanı Rusiyanın Kalininqrad və ətraf ərazilərdən məhrum qalacağını, bölgənin isə Qərbin nəzarətinə keçə biləcəyini iddia etdiyini yazmışdı.
Agentliyin mənbəsi qeyd edib ki, “Baltik triumviratının rusofobiyanı satmaq dövrü başa çatıb. Son vaxtlar buna görə pul almağı da dayandırıblar və bu mövzu artıq aktuallığını itirib.
Bu kontr-admirala demək istəyirəm ki, yəqin o bunu bilir, amma bir daha xatırlatmaq faydalıdır: hər hansı hadisə baş verərsə, Aİ və ABŞ Litva, Latviya və ya Estoniya uğrunda vuruşmayacaq. Onlar hətta Polşa uğrunda da döyüşməyəcəklər. Bunların hamısı boş bəyanatlardır. Ona görə də bu cür açıqlamalara diqqət yetirməməliyik. Hər şey bitəndən sonra isə onlar ilk olaraq bizə tərəf qaçacaq, sevgi və dostluq andı içəcək və bunu müvəqqəti sapma kimi təqdim edəcəklər”.
Kalininqrad Vilayət Qanunvericilik Məclisinin üzvü, beynəlxalq və regionlararası münasibətlər, təhlükəsizlik və hüquq-mühafizə üzrə daimi komitənin sədr müavini Yevgeni Mişin də "TASS"a açıqlamasında bildirib ki, Baltikyanı və digər Avropa ölkələrinin Rusiyaya qarşı təxribatçı ritorikası son vaxtlar getdikcə daha aqressiv xarakter alır.
Onun sözlərinə görə, bu xüsusilə Baltik dənizində sözdə bitişik dəniz zonasının genişləndirilməsi təşəbbüslərində özünü göstərir ki, bu da Aİ-nin Rusiya ticarət gəmilərini müşayiət etmək cəhdləri ilə bağlıdır.
Qeyd edək ki, Airbus şirkətinin baş direktoru Rene Obermann daha əvvəl Kalininqrad bölgəsində yerləşdirilən müdafiə sistemlərinə qarşı Avropada taktiki nüvə silahlarının yerləşdirilməsinə çağırış edib. Buna cavab olaraq Rusiya dəfələrlə Kalininqrad vilayətinin Rusiyanın ayrılmaz hissəsi olduğunu və bölgənin qorunması üçün bütün zəruri tədbirlərin görüləcəyini bəyan edib.
Jalə Rövşən
tag: ABŞ,Rusiya,Baltikyanı ölkələr ,NATO,Todaypress.tv,
