"X" süni intellektlə hazırlanan videolara senzura tətbiq edəcək
Dünya
05.03.2026 11:02
Sosial media platforması "X" süni intellektlə hazırlanan müharibə videolarına qarşı yeni qaydalar tətbiq etməyə başlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.
Belə ki, silahlı münaqişələrlə bağlı videoları süni intellekt vasitəsilə hazırlayıb bunu açıqlamadan paylaşan istifadəçilər 90 gün müddətinə gəlir paylaşımı proqramından kənarlaşdırılacaqlar.
Platforma bildirir ki, bu qərar xüsusilə Yaxın Şərqdə davam edən müharibə fonunda yanlış məlumatların yayılması riskini azaltmaq məqsədi daşıyır.
Şirkət qeyd edib ki, müharibə dövründə insanların hadisə yerindən real və etibarlı məlumatlara çıxışı çox vacibdir. Müasir süni intellekt texnologiyaları insanları çaşdıra biləcək məzmunun hazırlanmasını asanlaşdırır və bu da informasiya mühitində risk yaradır.
Məlumat üçün bildirək ki, bu proqram istifadəçilərə paylaşımlarından əldə edilən reklam gəlirlərinin bir hissəsini qazanc kimi əldə etməyə imkan verir.
Türkan İsgəndərli
tag: X,Süni intellekt,Video,Müharibə,Todaypress.tv,
