Ukraynaya verilən yardım təhlükə altındadır
Dünya
03.11.2025 12:34
Avropa İttifaqında (Aİ) narahatlıq yaranıb ki, Belçika 140 milyard avroluq reparasiya kreditini dəstəkləməsə, Beynəlxalq Valyuta Fondu (BVF) Ukraynaya maliyyə yardımını dayandıra bilər.
TodayPress TV xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb.
Məlumata görə, Belçikanın Aİ-nin çoxmilyardlıq kredit layihəsində iştirakdan imtinası BVF-nin Kiyevə növbəti maliyyə dəstəyini bloklamasına səbəb ola bilər. Çünki BVF-nin yardımı Aİ-nin 140 milyard avro məbləğində kredit yaratmaq imkanından asılıdır. Bu kredit dondurulmuş Rusiya aktivləri ilə təmin edilməlidir və həmin aktivlərin böyük hissəsi Belçikada saxlanılır.
Avropa Komissiyası hesab edir ki, bu razılaşmanın imzalanması BVF-yə Ukraynanın maliyyə sabitliyinə dair inam yaradacaq və bu da yeni kreditlərin verilməsi üçün əsas şərtdir.
Xatırladaq ki, oktyabrda Belçika hökuməti Aİ liderlərinin görüşündə təklifə qarşı çıxaraq onun maliyyə və hüquqi risklər yaratdığını bildirib. Bununla da, kreditin dekabrda keçiriləcək BVF iclasına qədər təsdiqlənməsi ehtimalı azalıb.
Aysel Mətləb
tag: Ukrayna,Yardım,Qərar,Təhlükə,Todaypress.tv,
        