Türkiyədə güclü fırtına: Dağıntılar baş verdi
Dünya
09.01.2026 17:14
Türkiyədə saatda 68 kilometrə çatan güclü fırtına küləkləri İstanbul yaxınlığındakı magistral yollarda yük maşınlarının aşmasına səbəb olub.
TodayPress TV xəbər verir ki, bu barədə “Turkish Minute” qəzeti məlumat yayıb.
Qasırğa bir sıra ərazilərdə damları qoparıb, qayıqları batırıb və avtomobilləri aparıb.
Məlumata əsasən, fırtına ölkənin bir neçə əyalətində şiddətlənib. İstanbulda yerli hakimiyyət orqanları bərə marşrutlarını ləğv edib, şəhərdaxili və şəhərlərarası nəqliyyatda fasilələr yaranıb.
Bildirilir ki, siklon yanvarın 9-da Türkiyənin böyük hissəsini əhatə edib. Sinoptiklər daha əvvəl qar, yağış və kəskin temperatur enməsi barədə xəbərdarlıq etmişdilər.
Proqnozlara görə, şimal, mərkəzi və şərq bölgələrində qar və yağış yağacağı, havanın temperaturunun 4-10 dərəcə aşağı düşəcəyi gözlənilir. Minimum temperatur Ankarada -3°C, İstanbulda 0°C, Ərzurumda isə -17°C olacaq.
İstanbul hakimiyyəti gözlənilən yağıntı və buzlanma səbəbindən sakinləri ehtiyatlı olmağa çağırıb və nəqliyyatın hərəkətində mümkün fasilələr barədə xəbərdarlıq edib.
Türkan İsgəndərli
tag: Türkiyə,Fırtına,Külək,Yük maşını,Todaypress.tv,
