Türkiyədə bir qrup şəxs sərhəddəki Türkiyə bayrağını endirdi

Dünya

20.01.2026 19:29

Mardin vilayətinin Nusaybin rayonunda bir qrup şəxs sərhəddəki Türkiyə bayrağını endirib.

TodayPress TV "Cumhuriyyet"ə istinadən xəbər verir ki, hadisə Suriyadakı vəziyyətə etiraz məqsədilə keçirilən nümayişdən sonra baş verib.

Məlumata görə, DEM Partiyanın bu həftəki qrup toplantısı Türkiyə Böyük Millət Məclisi əvəzinə Nusaybin şəhərində təşkil olunub.

Toplantıdan sonra bir qrup şəxs "PKK" terror təşkilatının bayraqları ilə sərhədə doğru yürüşə başlayıb və sərhəddə yerləşdirilmiş Türkiyə bayrağını endirib.

Qrup "YPG" terror təşkilatını dəstəkləyən şüarlar da səsləndirib.

Sərhədin təhlükəsizliyini təmin edən qüvvələr xəbərdarlıq məqsədilə havaya atəş açaraq təxribatçı qrupdan ərazini tərk etməyi tələb ediblər.

Məlumata görə, bundan sonra qrup hadisə yerindən uzaqlaşıb.

DEM Parti sözçüsü Ayşegül Doğan "X" hesabında paylaşdığı açıqlamada Nusaybin–Qamışlı sərhədində Türkiyə bayrağının endirilməsinin onları narahat etdiyini bildirib.

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran isə hadisəyə sərt reaksiya verərək baş verənləri təxribat adlandırıb. O qeyd edib ki, ölkənin milli təhlükəsizliyinə və dövlətin müqəddəs dəyərlərinə qarşı yönələn hər bir təhdidin qarşısı qətiyyətlə alınacaq.

Burhanettin Duran hadisə ilə bağlı aidiyyəti qurumlar tərəfindən dərhal araşdırmaya başlanıldığını, hüquqi və inzibati tədbirlərin görüləcəyini də vurğulayıb.

Jalə Rövşən 

TodayPress TV


tag: Mardin ,Türkiyə ,Bayraq,"PKK" terror təşkilatı,Todaypress.tv,