Türkiyə İrana uçuş qadağasının tarixini açıqladı
Dünya
06.03.2026 16:22
Türk Hava Yolları (THY) İrana uçuşları 20 mart tarixinə qədər təxirə salıb. Pegasus aviaşirkəti isə İrana reysləri 12 martadək ləğv edib. Digər Türkiyə aviaşirkətləri ən azı 9 martadək bu istiqamətlər üzrə uçuşları dayandıracaq.
TodayPress TV Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülqadir Uraloğlu bildirib.
“Bu gündən etibarən Türk Hava Yolları, AJet, Pegasus və SunExpress tərəfindən İran, İraq, Suriya, Livan və İordaniyaya həyata keçirilən uçuşlar 9 mart gününün sonuna qədər dayandırılıb. Bundan əlavə, Pegasus Airlines İrana uçuşları 12 martadək, Türk Hava Yolları isə 20 martadək uçuş cədvəlindən çıxarıb”,- nazir bildirib.
Uraloğlu qeyd edib ki, Hələb istisna olmaqla İran, İsrail, İraq, Qətər, Bəhreyn, Küveyt və Suriyanın hava məkanı hələ də bağlıdır.
Nazir əlavə edib ki, Oman, İordaniya və Səudiyyə Ərəbistanı üzərində qismən uçuşlar davam edir, Birləşmiş Ərəb Əmirliklərində isə hava nəqliyyatı nəzarət altında həyata keçirilir və müəyyən məhdudiyyətlər tətbiq olunur.
Jalə Rövşən
tag: Türkiyə ,İran ,Hava yolu ,Qadağa ,Todaypress.tv,
