Trampın qardaşı qızı İrandakı məktəb hücumunu pislədi
Dünya
03.03.2026 18:05
ABŞ Prezidenti Donald Trampın qardaşı qızı Meri Li Tramp İranın Minab şəhərində qızlar üçün ibtidai məktəbə edilən və 165 nəfərin ölümünə səbəb olan hücumu pisləyib.
TodayPress TV xəbər verir ki, Meri Li Tramp "X" sosial şəbəkəsində bu barədə yazıb.
“Bunu haqlı çıxarmağa çalışan heç kimə etibar etməyəcəyəm”,- o, zərbə nəticəsində həlak olanların tabutlarının əks olunduğu fotonu paylaşan istifadəçinin paylaşımına bu sözlərlə cavab verib.
Qeyd edək ki, fevralın 28-də İran hakimiyyəti ABŞ və İsrailin ölkənin cənubunda yerləşən Minab şəhərində qızlar üçün ibtidai məktəbə zərbə endirdiyini açıqlayıb. Son məlumatlara əsasən, ölənlərin sayı 165 nəfərə çatıb. Həlak olanların əksəriyyətini şagirdlər, valideynlər və müəllimlər təşkil edir. Bundan əlavə, 95 nəfərin yaralandığı bildirilir.
BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türk Minab şəhərində baş vermiş hücumla bağlı araşdırmanın zəruri olduğunu bəyan edib. O bildirib ki, araşdırmanın aparılması və məsuliyyətin müəyyənləşdirilməsi hücumu həyata keçirən qüvvələrin öhdəliyidir.
Jalə Rövşən
tag: İran ,ABŞ,Donald Tramp ,Meri Li Tramp,Todaypress.tv,
