Tramp: "Kir Starmer Çörçil deyil"

Dünya

03.03.2026 23:30

“Böyük Britaniyanın Baş naziri Kir Starmer sabiq baş nazir Uinston Çörçil deyil”. 

TodayPress TV xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ evdə jurnalistlərə açıqlamasında bildirib. 

O, Böyük Britaniyanın ABŞ-İsrailin İrana qarşı ilkin zərbələrinə qoşulmaması ilə bağlı qərarını tənqid edib və Baş nazir Kir Starmeri Uinston Çörçil ilə müqayisə edərək onun bu səviyyədə lider olmadığını bildirib. 

Məlumata görə, mübahisə Çaqos adalarındakı Dieqo Qarsiya hərbi bazasından istifadə məsələsi ətrafında yaranıb. Böyük Britaniya ABŞ-nin müraciətinə cavab olaraq Britaniya hərbi bazalarının yalnız İranın raket obyektlərinə qarşı “müdafiə xarakterli” zərbələr üçün istifadəsinə razılıq verib. 

Tramp bildirib ki, bu qərara görə ABŞ təyyarələri “çox əlavə saatlar” uçmalı olub və o, Böyük Britaniyadan məmnun deyil. Ağ Ev lideri, Dieqo Qarsiya ilə bağlı icarə məsələsini “şok” adlandıraraq deyib ki, həmin ərazidən istifadə mümkün olsaydı, eniş daha rahat baş tutardı və əlavə uçuş saatlarına ehtiyac qalmazdı. 

Baş nazir Kir Starmer isə parlamentdə çıxışı zamanı belə qərarlar verilərkən hüquqi əsasın mövcudluğu və real, həyata keçirilə bilən planın olmasının vacibliyini vurğulayıb. O, bunun İraq müharibəsindən çıxarılan dərslərdən biri olduğunu qeyd edib. 

Aysel Mətləb

TodayPress TV

tag: Britaniya,Starmer,Çörçil,Tramp,Todaypress.tv,