Tramp: “ABŞ İranın hərbi potensialını sıradan çıxarıb”

Dünya

07.03.2026 20:20

ABŞ və İsrailin İrana vurduğu zərbələr ölkənin hərbi potensialına ciddi ziyan vurub.

TodayPress TV xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Floridada Cənubi Amerika ölkələri liderlərinin sammitindəki çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, İranın Hərbi Dəniz Donanması, Hərbi Hava Qüvvələri və rabitə infrastrukturu ağır itkilərə məruz qalıb.

Tramp qeyd edib ki, son günlərdə Amerika silahlı qüvvələri İranın 42 hərbi gəmisini məhv edib, ölkənin hərbi hava qüvvələrinin və telekommunikasiya sistemlərinin böyük hissəsini sıradan çıxarıb.

O, həmçinin bildirib ki, ABŞ-nin əvvəlki zərbələri İranın nüvə proqramı ilə bağlı obyektlərə endirilib. Tramp iddia edib ki, bu hücumlardan əvvəl Tehran nüvə silahı yaratmağa çox yaxın idi.

Prezident bu əməliyyatı "böyük uğur" kimi xarakterizə edib.

Aysel Mətləb

TodayPress TV

tag: Tramp,İran,Hərbi,Rabitə,Todaypress.tv,