TƏCİLİ: Belçika İsrailə göndərilən Britaniya hərbi yüklərini müsadirə etdi

Dünya

16.04.2026 11:49

Belçika Birləşmiş Krallıqdan İsrail istiqamətinə gedən iki hərbi yük partiyasını müsadirə edib.

TodayPress TV xəbər verir ki,  hadisə Liège Airport hava limanında baş verib.

Məlumata görə, ümumilikdə 33 qutu hərbi komponent – lazerlər, optik nişangahlar, atəşə nəzarət sistemləri və aviasiya hissələri aşkarlanıb.

Yük Böyük Britaniyadan yük maşını ilə gətirilib və Tel-Əvivə “Challenge Airlines” reysi ilə göndərilməsi planlaşdırılırdı. Lakin qeyri-hökumət təşkilatlarının xəbərdarlığından sonra Belçika gömrüyü sənədlərdə uyğunsuzluqlar aşkar edərək yükü saxlayıb.

Səbəb isə aydındır: Belçikada İsrailə yönəlmiş hərbi avadanlıqların tranzitinə qadağa mövcuddur. Aşkarlanan yüklər üçün isə tələb olunan icazələr təqdim edilməyib və bu səbəbdən dərhal müsadirə olunub.

Bu addım Avropada diqqət çəkən presedent kimi qiymətləndirilir. Belə ki, İsrailin yaxın müttəfiqlərindən biri olan Böyük Britaniyadan göndərilən hərbi yüklər məhz Avropa ölkəsi tərəfindən dayandırılıb.

Məlumatın ortaya çıxmasında Declassified UK və Vredesactie təşkilatlarının rolu olduğu bildirilir.

Ekspertlər hesab edir ki, bu hadisə Avropada yeni siyasi xəttin formalaşdığını göstərə bilər və oxşar halların artacağı istisna edilmir.


Jalə Rövşən 

TodayPress TV

tag: Belçika ,İsrail , Birləşmiş Krallıq,Müsadirə,Todaypress.tv,