Azərbaycanda konkur üzrə birincilik keçirilib
Azərbaycanda atçılığın konkur növü üzrə birincilik yarışı keçirilib. Yarışda 12-16 və 17-21 yaş kateqoriyaları üzrə idmançılar qüvvələrini sınayıblar.
TodayPress TV xəbər verir ki, 12-16 yaşlı idmançılar hündürlüyü 70-80 santimetr olan maneələri dəf etmək üzrə yarışıblar.
Birinciliyin reqlamentinə əsasən, növbəti mərhələyə yüksəlmək üçün iştirakçılar ilk fazada vaxt nəzərə alınmadan altı maneəni səhvsiz keçməli olublar. Sonrakı maneələrdə isə həm dəqiqlik, həm də zaman əsas meyar kimi götürülüb.
Bu yaş kateqoriyasında Cavid Qurbanəliyev “Burla” atı ilə 24,54 saniyə nəticə göstərərək birinci yeri tutub. “Saqamo” atı ilə çıxış edən Melissa Gedik 27,95 saniyə nəticə ilə ikinci, Nərgiz Abbaszadə isə 28,53 saniyə ilə üçüncü olub. Hər iki idmançı finiş xəttini cərimə balı qazanmadan keçib.
İlk beşliyi “Ayla” atı ilə Mədinə Məmmədova və “Patent” atı ilə Arzu Qəmbərova tamamlayıblar.
17-21 yaş kateqoriyasında isə idmançılar hündürlüyü 90-100 santimetr olan maneələri dəf etmək üzrə mübarizə aparıblar. Bu kateqoriyada yalnız üç iştirakçı ilkin fazanı cəriməsiz başa vurub.
Onların arasında “Savalan MNM” atı ilə çıxış edən Samirə Baxşiyeva bütün maneələri dəqiqliklə dəf edərək birinciliyin qalibi olub. Əhəd Məmmədov “Nabat” atı ilə ikinci, Valeriya Roşenko isə “Fine Chocolate” atı ilə üçüncü yeri tutub.
Yarışın qaliblərinə kubok və medallar, həmçinin Azərbaycan Respublikası Atçılıq Federasiyasının və Gənclər və İdman Nazirliyinin diplomları təqdim olunub.
Namiq HUN