Simonyan: "Ermənistan Rusiya ilə əlaqələrdə maraqlıdır"

Dünya

05.02.2026 15:23

Ermənistan Rusiyaya qarşı heç bir addım atmaq niyyətində deyil.

TodayPress TV "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, bunu Ermənistan Parlamentinin sədri Alen Simonyan Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşdə bildirib.

“Ermənistan Rusiya ilə əlaqələrdə maraqlıdır və Ermənistanda bununla bağlı başqa bir anlayış yoxdur. Eyni zamanda, məlum səbəblərə görə, müharibədən sonrakı ilk günlərdən etibarən regionumuzda vəziyyətin nizamlanmasına çalışırıq və məncə, bu istiqamətdə kifayət qədər yaxşı nəticələr əldə etmişik”, – Simonyan qeyd edib.

Onun sözlərinə görə, İrəvan və Bakı bu prosesdə əhəmiyyətli irəliləyiş əldə ediblər və yaxın vaxtlarda real sülh müqaviləsinin imzalanması gözlənilir ki, bu da hər iki ölkənin gələcəyi baxımından vacibdir.

Simonyan vurğulayıb ki, Rusiyada Ermənistanın Rusiya Federasiyasına, dost və müttəfiq ölkəyə qarşı hansısa addım atmağa çalışdığı barədə təəssüratın yaranmasını istəmir, baxmayaraq ki, müzakirə olunmalı məsələlər mövcuddur.  

O bildirib ki, bu məsələlər Lavrov tərəfindən Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla müzakirə olunur, eyni zamanda iki ölkənin liderləri də bu mövzular üzərində işləyirlər.

Parlament sədri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) məsələsinə də toxunub. O qeyd edib ki, Ermənistanın mövqeyi bəllidir, lakin İrəvan hələ də öz suallarına cavab almayıb.

Simonyan həmçinin ictimai müstəvidə tez-tez səslənən Ermənistan əleyhinə ritorikadan narahatlığını ifadə edib.

“Bu, təkcə bizim üçün deyil, Ermənistan cəmiyyəti üçün də narahatlıq doğurur. Mən bu narahatlığımı səfirlə bölüşdüm. Ermənistan cəmiyyəti Moskvadan gələn açıqlamalara çox həssas və mənfi reaksiya verir. Bunun səbəbi Moskvanın vacibliyi, onun fikirlərinin əhəmiyyətli olması və müttəfiq kimi qəbul edilməsidir. Məhz buna görə də bu cür açıqlamaları eşitmək çox ağrılıdır”, – deyə Simonyan əlavə edib.

Qeyd edək ki, Alen Simonyan  Moskvada  rəsmi səfərdədir.

Jalə Rövşən 

TodayPress TV

tag: Alen Simonyan ,Ermənistan ,Rusiya ,Səfər,Todaypress.tv,