Rusiya Taylanddan "dünya səviyyəli haker"ini tələb edir
Dünya
05.02.2026 18:00
Moskva ABŞ hakimiyyət orqanlarının tələbi ilə Phuketdə saxlanılan Rusiya vətəndaşının ekstradisiyasını tələb etməyə davam edir.
TodayPress TV "Gazeta.ru"ya istinadən xəbər verir ki, bu barədə Rusiyanın Taylanddakı səfiri Yevgeni Tomixin RTVI-yə verdiyi müsahibədə bildirib.
Səfirin sözlərinə görə, ekstradisiya tələbi yalnız Rusiyaya aid deyil; ABŞ də həmin Rusiya vətəndaşının ekstradisiyasını istəyir. Federal Təhqiqat Bürosu (FTB) Rusiya vətəndaşını haker hücumlarında ittiham edir.
Noyabrın 13-də ABŞ-nin tələbi ilə Phuketdə haker hücumunda şübhəli bilinən Rusiya vətəndaşı saxlanılıb. Saxlanılan şəxsin əvvəllər Avropa və ABŞ-də dövlət qurumlarının təhlükəsizlik sistemlərinə daxil olmuş 35 yaşlı "dünya səviyyəli haker" olduğu ortaya çıxıb.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, kişi 30 oktyabrda Taylanda gəlib və Phuket əyalətində yaşayırmış. Onun üzərindən noutbuklar, mobil telefonlar və rəqəmsal cüzdanlar götürülərək əlavə texniki təhlil üçün araşdırmaya verilib.
Xatırladaq ki, yanvarın 7-də Rusiya həmin vətəndaşı beynəlxalq axtarışa verib. Ölkəsində isə o, cinayətkar təşkilat yaratmaq və informasiya texnologiyalarından istifadə edərək oğurluq etməkdə ittiham olunur.
Jalə Rövşən
tag: Tayland ,Rusiya ,Haker ,Ekstradisiya ,Todaypress.tv,
