Rusiya səfirliyi “Rus Evi”nə edilən hücumu “təcavüz aktı” adlandırdı
Dünya
10.03.2026 17:24
Rusiya səfirliyi Nəbatiyyədə yerləşən və mədəni-humanitar fəaliyyət göstərən Rusiya Mədəniyyət Evinə qarşı həyata keçirilən hücumu qınayıb.
TodayPress TV "Kommersant"a istinadən xəbər verir ki, bu barədə diplomatik nümayəndəlikdən məlumat verilib.
“Müstəsna olaraq mədəni və humanitar sahədə fəaliyyət göstərən bir quruma qarşı hərbi təcavüz aktına heç bir haqq qazandırmaq mümkün deyil. Regionda hökm sürən qeyri-sabitlik kontekstində belə fəaliyyətləri davam etdirmək onsuz da olduqca çətindir",-səfirlik qeyd edib.
Diplomatların sözlərinə görə, hücum nəticəsində heç kim xəsarət almayıb.
Qeyd edək ki, martın 8-də İsrail raketi Livanın cənubundakı Nəbatiyyədə bir binanı dağıdıb. Binanın bir hissəsində “Rus Mədəniyyət Evi” yerləşirdi. Əlavə təhsil mərkəzi isə Beyrutdakı Rus Mədəniyyət Evi ilə əməkdaşlıq edir və dərsləri, o cümlədən Livanlı uşaqlar üçün təhsil imkanlarını təklif edirdi.
Martın 9-da isə İsrail Müdafiə Qüvvələri Livanın cənubunda şiə "Hizbullah" hərəkatının infrastrukturuna qarşı quru əməliyyatına başlayıb. Livan Səhiyyə Nazirliyinin məlumatına görə, döyüşlər nəticəsində təxminən 400 mülki sakin həlak olub. İsrail tərəfi isə iki əsgərinin öldüyünü bildirib.
Jalə Rövşən
tag: Livan ,Rusiya ,“Rus Mədəniyyət Evi”,"Hizbullah" ,Todaypress.tv,
