“Reuters”: İran məktəbinə zərbəni ABŞ qüvvələri endirmiş ola bilər

Dünya

06.03.2026 12:24

ABŞ hərbi müstəntiqləri İranda qızlar məktəbinə edilən son zərbənin böyük ehtimalla Amerika qüvvələri tərəfindən həyata keçirildiyini müəyyən edib.

TodayPress TV xəbər verir ki, bu barədə “Reuters” agentliyi mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, araşdırmanın nə qədər davam edəcəyi və yekun nəticənin çıxarılması üçün hansı əlavə sübutların tələb olunduğu hələ məlum deyil.

İsrailli mənbələr “Reuters”ə bildiriblər ki, İsrail və ABŞ qüvvələri İranda həyata keçirdikləri hücumları həm coğrafi bölgələrə, həm də hədəf növlərinə görə bölüşdürüb. Belə ki, İsrail İranın qərbində raket buraxılış mövqelərinə zərbələr endirib, ABŞ isə ölkənin cənubunda həm bu tip hədəfləri, həm də dəniz obyektlərini vurub.

Tehran fevralın 28-də ABŞ və İsrailin İranın cənubundakı Minab şəhərində yerləşən qızlar məktəbinə zərbə endirdiyini açıqlayıb. Son məlumatlara görə, hücum nəticəsində əsasən şagirdlər, onların valideynləri və müəllimlər olmaqla 165 nəfər həlak olub, 95 nəfər isə yaralanıb.

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türk hadisə ilə bağlı araşdırma aparılmasına çağırıb və bildirib ki, məsuliyyət hücumu həyata keçirən qüvvələrin üzərinə düşür.

Qiymət Mahir

TodayPress TV

tag: İran,Məktəb,Zərbə,ABŞ,Todaypress.tv,