Rəsmi Ankara: Ərazimizdən İrana qarşı hücumlar üçün istifadə olunmur
Dünya
28.02.2026 17:15
Türkiyə İrana qarşı son hücumlara dəstək verdiyi və ərazisinin üçüncü tərəflər tərəfindən istifadə olunduğu iddialarını qəti şəkildə təkzib edib.
TodayPress TV xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Recep Tayyip Erdoğanın Administrasiyasının Kommunikasiyalar İdarəsi nəzdində fəaliyyət göstərən Dezinformasiya ilə Mübarizə Mərkəzi açıqlama yayıb.
Açıqlamada bildirilib ki, bəzi sosial şəbəkələrdə yayılan Türkiyənin İrana qarşı son hücumlara dəstək verdiyi barədə iddialar tam əsassızdır və ictimaiyyəti çaşdırmağa yönəlmiş dezinformasiyadır.
“Türkiyə Respublikası iştirakçısı olmadığı heç bir münaqişə və ya müharibədə tərəflərin əməliyyat məqsədləri üçün, o cümlədən hava məkanı daxil olmaqla, özünün hava, quru və dəniz imkanlarının istifadəsinə icazə verməyəcək. Bu, ölkəmizin xarici siyasətinin və təhlükəsizlik strategiyasının əsas prinsiplərindən biridir”, – deyə bəyanatda qeyd olunub.
Mərkəz, həmçinin vurğulayıb ki, Türkiyənin hava məkanı, quru və dəniz üzərində suveren hüquqları tam və mübahisəsizdir. Bildirilib ki, ölkənin suveren əraziləri ilə bağlı bütün fəaliyyətlər yalnız Türkiyənin milli təhlükəsizlik orqanlarının qiymətləndirmələri əsasında həyata keçirilir.
Qiymət Mahir
tag: Türkiyə,İran,Recep Tayyip Erdoğan,İsrail,Todaypress.tv,
