Qırmızı dənizdə “sakitlik” mesajı: Husilər nə planlaşdırır?
Qırmızı dənizdə və Bab əl-Məndəb boğazı ərazisində beynəlxalq ticarət təhlükəsiz və sabit olaraq qalır.
TodayPress TV xəbər verir ki, bunu Yəməndə fəaliyyət göstərən “Ənsar Allah” (husilər) hərəkatının rəsmi nümayəndəsi Məhəmməd Əbdül Səlam bildirib.
“Qırmızı dənizdə və Bab əl-Məndəb boğazında gəmiçilik azadlığı və beynəlxalq ticarət dövriyyəsinə gəldikdə, onlar təhlükəsiz və normaldır. Beynəlxalq ictimaiyyətin bununla bağlı narahatlığına ehtiyac yoxdur”, - deyə bəyanatda vurğulanıb.
O dəqiqləşdirib ki, həyata keçirilən əməliyyatların məhdud məqsədləri var və müdafiə xarakteri daşıyır. Rəsminin iddiasına görə, sahilyanı ərazilərin bir hissəsində aparılan hərbi əməliyyatlar “suverenliyin bərqərar edilməsi çərçivəsində milli əməliyyatdır”.
Qeyd edək ki, Yəməndə vəziyyət sentyabrın əvvəlində, ölkənin cənub-qərbində fəaliyyət göstərən husilərin hücuma keçməsi ilə kəskin şəkildə gərginləşib. Quru hücumu ilə eyni vaxtda husilər Qırmızı dənizin sahilyanı ərazilərinə və Taiz şəhərinin ətrafına raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirməyə başlayıblar. Onlar Moxaya gedən yolları kəsməyə və strateji əhəmiyyət daşıyan Bab əl-Məndəb boğazının yaxınlığında yerləşən ərazilərə doğru irəliləməyə çalışırlar.
Aysel Mətləb