Qalibaf: "İran Livanda daimi atəşkəsə nail olmaq üçün fəal şəkildə çalışır"
Dünya
16.04.2026 22:50
İran Parlamentinin sədri Məhəmməd Bağır Qalibaf İslam Respublikasının Livanda daimi atəşkəsə nail olmaq üçün fəal səylər göstərdiyini açıqlayıb və iki ölkənin təhlükəsizliyi arasında ayrılmaz əlaqə olduğunu vurğulayıb.
TodayPress TV xəbər verir ki, bu barədə Qalibaf Livanlı həmkarı Nəbih Berri ilə telefon danışığı zamanı bildirib.
O, mülki şəxslərin və “Hizbullah” döyüşçülərinin ölümü ilə bağlı başsağlığı verib.
İran parlamentinin spikeri vurğulayıb ki, onlar üçün Livanda atəşkəs İranda atəşkəs qədər vacibdir. Qalibaf Livan xalqının cəsarətini tərifləyib və onların müqavimətinin sarsılmazlığının qaçılmaz olaraq qələbəyə gətirib çıxaracağına əminliyini bildirib.
Livan Parlamentinin sədri Nəbih Berri öz növbəsində humanitar fəlakətin miqyasını vurğulayaraq vəziyyətlə bağlı hesabat təqdim edib. Berrinin sözlərinə görə, İsrail ordusunun hərəkətləri Livanda 1,2 milyondan çox insanın didərgin düşməsinə səbəb olub.
Aysel Mətləb
tag: İran,Livan,Qalibaf,Nəbih Berri,TodayPress TV,
