Polşa: Enerji obyektlərinə kiberhücumlara Rusiya kəşfiyyatı cavabdehdir
Dünya
31.01.2026 16:15
Ötən ayın sonlarında Polşada baş verən genişmiqyaslı kiberhücumlara görə Rusiya kəşfiyyat agentliyi məsuliyyət daşıyır.
TodayPress TV xəbər verir ki, bu barədə "Reuters" agentliyi Polşa rəsmilərinə istinadən məlumat yayıb.
Hücumlar 30 bərpa olunan enerji obyektini, bir istehsal şirkətini və təxminən 500 min istehlakçını istiliklə təmin edən istilik elektrik stansiyasını hədəf alıb.
Polşa nazirinin sözlərinə görə, son illərin ən ciddi insidenti hesab olunan bu hadisə ilə bağlı Polşa Kompüter Fövqəladə Hallarına Cavab Qrupunun (CERT) hesabatında “Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinə (FSB) bağlı hakerlər qrupu”ndan bəhs olunur.
Hesabatda hücumların “dağıdıcı xarakter” daşıdığı və məqsədli törədilən yanğınlarla müqayisə edildiyi qeyd olunur. Bildirilir ki, hadisələr Yeni il ərəfəsində Polşada müşahidə olunan aşağı temperatur və qar fırtınaları dövrünə təsadüf edib.
Sənədə əsasən, hücumların əsas məqsədi istilik elektrik stansiyasının cihazlarında saxlanılan məlumatları tamamilə məhv etmək olub, lakin təhlükəsizlik sistemləri buna imkan verməyib.
Türkan İsgəndərli
tag: Polşa,Rusiya,Kəşfiyyat,Kiberhücum,Todaypress.tv,
