Ukrayna Rusiyanın müdafiə zavodunu vurdu - VİDEO

Ukrayna Rusiyanın müdafiə zavodunu vurdu - VİDEO
01.07.2026 08:27 Dünya

Rusiyanın Penza şəhərinə pilotsuz uçuş aparatları (PUA) ilə hücum edilib.

TodayPress TV xəbər verir ki, məlumata görə, şəhərin şərq və mərkəzi hissələrində partlayışlar baş verib, bəzi ərazilərdə isə yanğınlar müşahidə olunub.

Hücum nəticəsində müdafiə sənayesi müəssisəsi Mayak zavodu zərər görüb. Mayak Rusiyanın müdafiə sənayesi kompleksinə daxil olan strateji əhəmiyyətli müəssisədir. Zavod radioelektron aparatura, idarəetmə cihazları, rabitə sistemləri və hərbi təyinatlı məhsullar istehsal edir. Bu tip müəssisələr Rusiyanın ordusunu avadanlıq və elektronika ilə təmin edən əsas təchizatçılardan biri hesab olunur.

Hadisə yerlərinə xilasetmə qrupları cəlb edilib.

Rusiya tərəfi hava hücumundan müdafiə qüvvələrinin bir neçə dronu vurduğunu açıqlayıb. Rəsmi məlumata əsasən, partlayışlar dron qalıqlarının düşməsi və ya zərbələr nəticəsində sənaye obyektlərində baş verib.

Penza qubernatoru təhlükəsizlik tədbirlərinin gücləndirildiyini bildirib. Hadisə nəticəsində dəyən zərər və mümkün itkilərlə bağlı rəsmi məlumat hələ açıqlanmayıb.

Qeyd edək ki, Penza son aylarda Ukraynanın dron hücumlarının hədəfi olan Rusiya şəhərlərindən biri kimi diqqət çəkir. Burada müdafiə sənayesi və logistika obyektləri yerləşir.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
01 IYUL 2026
Bütün Xəbərlər