Papuaşvili: "Gürcüstan ABŞ ilə yeni səhifə açmağa hazırdır"

Dünya

04.02.2026 16:17

Gürcüstan Parlamentinin spikeri Şalva Papuaşvili bildirib ki, ölkə ABŞ ilə münasibətlərində yeni mərhələyə başlamağa hazırdır.

TodayPress TV xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Papuaşvili xarici işlər nazirinin müavini Laşa Darsaliyanın ABŞ dövlət katibinin köməkçisi Brendan Hanrahanla Vaşinqtonda keçirdiyi görüşü şərh edərək, tərəflərin strateji tərəfdaşlığın yenilənməsinin vacibliyini müzakirə etdiyini bildirib.

O vurğulayıb ki, Gürcüstan ABŞ ilə əlaqələri yenidən qurmağa və keçmiş administrasiyanın, o cümlədən Bayden administrasiyasının Gürcüstan seçkilərinə müdaxiləsini geridə qoymağa hazırdır.

Eyni zamanda, Papuaşvili qeyd edib ki, ABŞ və Gürcüstan xarici işlər departamentləri arasında işgüzar münasibətlər adi qaydada davam edir və siyasi məsələlərdə tərəflərin mövqeləri hələ də fərqlidir. Gürcüstan və ABŞ arasındakı münasibətlər hazırda formal xarakter daşıyır. Keçmiş prezident Cozef Baydenin administrasiyası dövründə strateji tərəfdaşlıq dayandırılıb, bir sıra gürcü rəsmilərinə viza sanksiyaları tətbiq olunub və Gürcüstanın hakim partiyası “Gürcü Arzusu”nun fəxri sədri Bidzina İvanişviliyə məhdudiyyətlər qoyulub.

Xatırladaq ki, Donald Trampın hakimiyyətə gəlməsindən sonra Tbilisi hökuməti münasibətləri bərpa etmək və yeni strateji tərəfdaşlıq müqaviləsi bağlamaq istədiyini dəfələrlə açıqlayıb, lakin hələ aydın cavab almayıb.

Türkan İsgəndərli

TodayPress TV

tag: Gürcüstan,ABŞ,Parlament,Papuaşvili,