Pakistan Əfqanıstandan təhlükəsizlik zəmanəti tələb edir
Dünya
13.03.2026 11:58
"Pakistan Əfqanıstandan sərhəd təhlükəsizliyinin təmin olunması və Əfqanıstan ərazisindən yayılan terror təhlükəsinin qarşısının alınması üçün möhkəm zəmanətlər tələb edir".
TodayPress TV xəbər verir ki, bunu Pakistan Xarici İşlər Nazirliyinin sözçüsü Tahir Əndrabi brifinqdə bildirib.
Diplomat qeyd edib ki, belə təminatlar verilmədiyi halda Pakistan mövcud siyasətini davam etdirəcək və sərhədyanı hücumlar baş verərsə, özünümüdafiə hüququndan istifadə edəcək.
Onun sözlərinə görə, Pakistan və Çin Əfqanıstan məsələsində vahid mövqeyə malikdir. Bu mövqe Pakistan Baş nazirinin müavini və xarici işlər naziri İshaq Dar ilə Çinin xarici işlər naziri Van İ arasında bu həftə baş tutan telefon danışığında da təsdiqlənib. Tərəflər Pakistan-Əfqanıstan sərhədində davam edən döyüşləri müzakirə ediblər.
Əndrabi bildirib ki, Pakistan və Çin Əfqanıstanla bağlı məsələlərdə həm ikitərəfli formatda, həm də Kabilin iştirakı ilə aparılan beynəlxalq dialoqda əməkdaşlıq edir.
Xatırladaq ki, fevralın 26-sı axşamı Pakistan-Əfqanıstan sərhədində döyüşlər yenidən başlayıb. Kabil Pakistanın hava hücumlarına cavab olaraq hərbi əməliyyat keçirdiyini açıqlayıb. Pakistanın müdafiə naziri Xavaca Asif isə ölkəsinin Əfqanıstandakı "Taliban" hakimiyyəti ilə faktiki olaraq açıq silahlı münaqişə vəziyyətində olduğunu bildirib.
Türkan İsgəndərli
tag: Pakistan,Əfqanıstan,Sərhəd,Taliban,Todaypress.tv,
