Orban Ukraynaya tranziti dayandırmaqla hədələdi

Dünya

06.03.2026 12:04

“Macarıstan Ukrayna “Drujba” neft kəməri ilə tranziti bərpa etməyənədək ölkə ərazisindən keçən vacib tədarükləri dayandıra bilər”.

TodayPress TV xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban “Kossuth” radiosuna müsahibəsində bildirib.

Orbanın sözlərinə görə, Budapeşt artıq Ukraynaya benzin tədarükünü dayandırıb və dizel yanacağının verilməsi də planlaşdırılmır.

“Biz Ukraynaya benzin tədarükünü dayandırmışıq, dizel də göndərməyəcəyik. Elektrik enerjisinin verilməsi davam edəcək, lakin Ukrayna neft tranzitini bərpa etməyənədək Macarıstan üzərindən keçən mühüm tədarüklər də dayandırılacaq”, – deyə o bildirib.

Bundan əvvəl Macarıstan Energetika Nazirliyinin dövlət katibi Qabor Tsepek Kiyevə üç gün vaxt verildiyini açıqlamışdı. Onun sözlərinə görə, Ukrayna ya “Drujba” kəməri ilə Rusiya neftinin tranzitini bərpa etməli, ya da kəmərin vəziyyətini yoxlamaq üçün beynəlxalq müfəttişləri buraxmalıdır.

Qiymət Mahir

TodayPress TV

tag: Viktor Orban,Macarıstan,Ukrayna,Tranzit,Hədə,Todaypress.tv,