Nyu-Yorkda çempionluq sevinci faciə ilə nəticələndi: Tayms meydanında yeniyetmə güllələndi

Nyu-Yorkda çempionluq sevinci faciə ilə nəticələndi: Tayms meydanında yeniyetmə güllələndi
14.06.2026 16:27 Dünya

ABŞ-ın Nyu-York şəhərində "New York Knicks" komandasının NBA çempionluğunu qeyd edən azarkeşlərin sevinci xaosa çevrilib.

TodayPress TV "Fox News"a istinadən xəbər verir ki, Tayms meydanında baş verən iğtişaşlar zamanı 17 yaşlı yeniyetmə güllə yarası alıb.

Hadisə gecə saat 02 radələrində qeydə alınıb. Məlumata görə, yeniyetmə ayağından güllə yarası alıb və dərhal Bellevue xəstəxanasına çatdırılıb. Həkimlər onun vəziyyətinin stabil olduğunu bildiriblər.

Nyu-York Polisi hadisə ilə bağlı üç nəfəri saxlayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları saxlanılan şəxslərin olduğu ərazidə odlu silah da aşkar ediblər. Bununla belə, hələlik heç kimə rəsmi ittiham irəli sürülməyib.

Fox News yazır ki, "New York Knicks"in son 53 ildə ilk NBA çempionluğunu qazanmasından sonra minlərlə azarkeş şəhərin küçələrinə axışıb. Lakin bayram tədbirləri qısa müddətdə nəzarətdən çıxıb.

Reuters-in məlumatına görə isə, bəzi azarkeşlər məktəb avtobuslarına ziyan vurub, onlardan biri isə yandırılıb. Polis iğtişaşların qarşısını almaq üçün xüsusi təyinatlı qüvvələri və atlı polis dəstələrini hadisə yerinə cəlb edib.

Polis şəhərin müxtəlif hissələrində çoxsaylı saxlanılmaların həyata keçirildiyini təsdiqləsə də, onların dəqiq sayını açıqlamayıb. İstintaq davam edir.

TodayPress TV

XƏBƏR LENTİ
14 IYUN 2026
Bütün Xəbərlər