Netanyahu Trampın Sülh Şurasına qoşulmağa razılıq verdi
Dünya
21.01.2026 11:30
İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampın yaratdığı Sülh Şurasına qoşulmağa razılıq verib.
TodayPress TV xəbər verir ki, bu barədə “AP News” Netanyahu ofisinin açıqlamasına istinadla məlumat yayıb.
Bildirilib ki, İsrail tərəfi daha əvvəl Şuranın icraiyyə komitəsinin tərkibini tənqid etsə də, Benyamin Netanyahu Donald Trampın dəvətini qəbul edib. Qeyd olunub ki, tənqidlərin əsas səbəblərindən biri icraiyyə komitəsində İsrailin regional rəqibi hesab olunan Türkiyənin yer alması idi.
Məlumata görə, Donald Trampın rəhbərlik etdiyi Sülh Şurası ilkin mərhələdə Qəzzada atəşkəs planına nəzarət edəcək məhdud sayda dünya liderindən ibarət qrup kimi nəzərdə tutulub. Lakin sonradan Tramp administrasiyasının bu təşəbbüsü genişləndirərək onlarla ölkəni prosesə cəlb etdiyi bildirilir.
ABŞ prezidenti Şuranın gələcəkdə qlobal münaqişələrin həllində vasitəçi rolunu oynaya biləcəyinə dair açıqlamalar verib və bu qurumun qeyri-rəsmi BMT Təhlükəsizlik Şurasına bənzər mexanizm ola biləcəyini istisna etməyib.
Qeyd edək ki, Sülh Şurası ilə bağlı daha ətraflı məlumat Donald Trampın İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda bu təşəbbüslə bağlı rəsmi açıqlama verəcəyi vaxt təqdim olunacaq.
Aysel Mətləb
tag: Netanyahu ,Sülh,Qəzza,Tramp,Todaypress.tv,
