Netanyahu ABŞ-yə yola düşdü

Dünya

28.12.2025 14:15

İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ-yə səfərə yola düşüb və ABŞ Prezidenti Donald Tramp ilə danışıqlar aparmağı planlaşdırır.

TodayPress TV xəbər verir ki, bu barədə İsrailin dövlət teleradio şirkəti "Kan" məlumat yayıb.

Məlumata görə, iki liderin görüşü dekabrın 29-da Florida ştatında keçiriləcək.

Məlumata əsasən, Netanyahu Trampla Qəzza zolağında atəşkəs razılaşmasının ikinci mərhələsinə keçidlə bağlı məsələləri, həmçinin Fələstin anklavında beynəlxalq sabitləşdirmə qüvvələrində Türkiyənin mümkün iştirakını müzakirə etməyi planlaşdırır. Bundan əlavə, İsrailin baş naziri söhbət zamanı İran məsələsini də gündəmə gətirmək və gələcəkdə İranda raket istehsalı ilə əlaqəli obyektlərə mümkün zərbələr barədə Trampla mövqeləri razılaşdırmaq niyyətindədir.

Dövlət teleradio şirkətinin məlumatına görə, Netanyahu ABŞ-də beş gün qalacaq və səfər çərçivəsində bir sıra əlavə görüşlər keçirəcək. Onların sırasında ABŞ-nin dövlət katibi Marco Rubio ilə görüş də gözlənilir. "Ynet" portalı isə bildirir ki, İsrail Qəzza zolağında atəşkəs razılaşmasının ikinci mərhələsinə keçidi son girovun nəşinin geri qaytarılması, həmçinin radikal Fələstin hərəkatı “HƏMAS”ın tərksilah edilməsi və Qəzzanın demilitarizasiyası ilə əlaqələndirir.

Jalə Rövşən

TodayPress TV


tag: Benyamin Netanyahu ,ABŞ ,Səfər ,Florida ,Todaypress.tv,