Tramp İsrail İranı vurmasın deyə özünü sipər etdi
ABŞ Prezidenti Donald Trampın İsraildən İrana qarşı yeni zərbələri Vaşinqton birgə hərbi əməliyyata hazır olana qədər təxirə salmağı istədiyi bildirilir.
TodayPress TV xəbər verir ki, "CNN"in məlumatına görə, İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ prezidentini İrana qarşı birgə hücuma razı salmağa çalışıb.
Lakin Trampın əməliyyata razılıq vermədiyi iddia olunur. Məlumata əsasən, ABŞ rəsmiləri İsrail tərəfinə hərbi əməliyyatları Vaşinqtonun birgə fəaliyyətə hazır olacağı vaxta qədər təxirə salmağı tövsiyə ediblər.
"CNN" bildirib ki, mümkün birgə əməliyyatın ABŞ-də noyabrın 3-də keçiriləcək aralıq seçkilərindən sonraya saxlanılması ehtimalı var. Bununla belə, yekun qərarın verilmədiyi bildirilir.
Qeyd edilib ki, Netanyahu İranda yeni zərbələrin keçirilməsində maraqlıdır. ABŞ administrasiyası isə əməliyyatın vaxtı və mümkün nəticələrini nəzərə alaraq daha ehtiyatlı mövqe tutur.
Bundan başqa, ABŞ-nin Yaxın Şərqdəki hərbi mövcudluğunu gücləndirdiyi, USS Theodore Roosevelt aviadaşıyıcı gəmisinin də bölgəyə göndərildiyi bildirilir.
Türkan İsgəndərli