Moskva və Pekin Arktikada əməkdaşlığı gücləndirəcək

Dünya

04.11.2025 11:06

Rusiya və Çin Arktika məsələlərində əməkdaşlığı dərinləşdirmək və regionda sülhün, sabitliyin qorunmasına töhfə vermək barədə razılığa gəliblər. 

TodayPress TV xəbər verir ki, bu barədə məlumat iki ölkənin hökumət başçılarının otuzuncu müntəzəm görüşünün yekununa dair birgə kommünikedə yer alıb.

Sənəddə bildirilib ki, tərəflər Arktika üzrə əməkdaşlığı inkişaf etdirmək niyyətindədirlər. Bu, Rusiya-Çin Hökumətlərarası Komissiyası çərçivəsində Şimal Dəniz Yoluna dair Altkomissiyada qarşılıqlı fəaliyyətin gücləndirilməsini, yüksək enliklərdə gəmiçiliyin təhlükəsizliyinin artırılmasını, qütb gəmiləri və texnologiyalarının yaradılmasını, kadr hazırlığını, eləcə də Şimal Dəniz Yolunun yükdaşıma həcminin artırılmasını və onun beynəlxalq dəniz marşrutları ilə rəqabət qabiliyyətinin möhkəmləndirilməsini nəzərdə tutur.

Bundan əlavə, Rusiya və Çin Arktikanın davamlı inkişafını təşviq etməyi, beynəlxalq hüquq və qarşılıqlı hörmət prinsipləri əsasında bu sahədə konstruktiv əməkdaşlığı beynəlxalq platformalarda, o cümlədən Arktika Şurası çərçivəsində davam etdirməyi planlaşdırır.

Aysel Mətləb

TodayPress TV

tag: Rusiya,Çin,Arktika,Əməkdaşlıq,Todaypress.tv,