Makronla Merkelin başladığı layihə dalana dirəndi! 100 MİLYARD AVROLUQ...
Almaniyanın müdafiə naziri Boris Pistorius yeni nəsil qırıcı təyyarənin hazırlanması ilə bağlı qərarın yaxın vaxtda verilməyəcəyini bildirib.
TodayPress TV xəbər verir ki, bu barədə o, “European Pravda” nəşrinə açıqlamasında danışıb.
Pistorius qeyd edib ki, Avropanın birgə qırıcı təyyarə proqramının ləğvindən sonra yeni layihə ilə bağlı bütün imkanlar ətraflı təhlil edilməlidir.
“Biz çox diqqətlə təhlil etməliyik ki, kim nə edə bilər, kiminlə əməkdaşlıq etmək olar, bunu nə qədər tez və hansı qiymətə həyata keçirmək mümkündür, həmçinin Almaniya sənayesinin bu prosesdə iştirak səviyyəsi necə olacaq”, – deyə nazir bildirib.
Onun sözlərinə görə, bu məsələlərin qiymətləndirilməsi müəyyən vaxt tələb edəcək.
Qeyd edək ki, Almaniya və Fransa yeni nəsil qırıcı təyyarənin hazırlanmasını nəzərdə tutan Future Combat Air System (FCAS) layihəsini dayandırmaq barədə razılığa gəlib. Alman rəsmiləri layihənin iştirakçı şirkətlər arasında yaranmış sənaye rəqabəti səbəbindən uzun müddət dalana dirəndiyini bildiriblər.
2017-ci ildə Fransa Prezidenti Emmanuel Makron və Almaniyanın sabiq Kansleri Angela Merkel tərəfindən başladılan layihənin dəyəri 100 milyard avro qiymətləndirilirdi. FCAS proqramında Almaniya və İspaniyanı təmsil edən Airbus qrupu, həmçinin Fransanın Dassault Aviation şirkəti iştirak edirdi.
Qiymət Mahir