Levitt: "ABŞ İrana atəşkəsin müddətini uzatmağı təklif etməyib"
Dünya
15.04.2026 22:38
ABŞ hələ İrana atəşkəs rejiminin müddətini uzatmağı təklif etməyib.
TodayPress TV xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolayn Levitt jurnalistlər üçün keçirilən brifinqdə bildirib.
"Bu səhər mən atəşkəs rejiminin uzadılmasının rəsmən istədiyimiz barədə əsassız xəbərlər gördüm. Bu, doğru deyil", - deyə o diqqətə çatdırıb.
Mətbuat katibinin sözlərinə görə, ABŞ və İran fəal şəkildə danışıqlar aparmaqda davam edir:
"Bu həftə siz vitse-prezidentdən (Cey Di Vens) və Prezidentdən (Donald Tramp) bu danışıqların səmərəli olduğunu və davam etdiyini eşitdiniz, hazırda vəziyyət məhz bundan ibarətdir".
Ağ Evin mətbuat katibi bildirib ki, ABŞ İranla saziş bağlanması perspektivlərinə müsbət yanaşır.
Jurnalistin İranla danışıqların ikinci raundunun Pakistanın paytaxtı İslamabadda keçirilib-keçirilməyəcəyi ilə bağlı sualına o, danışıqların elə ötən dəfə olduğu yerdə keçiriləcəyini vurğulayıb.
Xatırladaq ki, daha əvvəl "Bloomberg" agentliyi ABŞ və İranın sülh müqaviləsi üzrə danışıqları davam etdirmək üçün əlavə vaxt qazanmaq məqsədilə qüvvədə olan atəşkəsin daha iki həftə uzadılması imkanını nəzərdən keçirdiyini yazıb.
tag: ABŞ,İran,Atəşkəs,Danışıq,TodayPress TV,
