Küveyt İraqa rəsmi etiraz etdi

Dünya

04.03.2026 20:00

Küveyt İraqlı silahlı qrupların ölkə ərazisini hədəfə alan hücumlarına görə Bağdada rəsmi etirazını bildirib.

TodayPress TV xəbər verir ki, bu barədə Küveyt Xarici İşlər Nazirliyinin yazılı açıqlamasında bildirilib.

Məlumata görə, İraqın Küveytdəki müvəqqəti işlər vəkili Zeyd Abbas Şenşul nazirliyə çağırılaraq ona etiraz notası təqdim edilib.

Açıqlamada qeyd olunub ki, silahlı qruplar 3 mart tarixində Küveyt ərazisini hədəfə alıb. Bildirilib ki, bu hücumlar ölkənin suverenliyinin pozulmasıdır və beynəlxalq hüquq normalarına ziddir.

Nazirlik vurğulayıb ki, hücumlar nəticəsində hərbçilər və mülki şəxslər arasında insan tələfatı qeydə alınıb. Sənəddə bu cür halların təkrarlanmaması üçün İraq tərəfinin zəruri addımlar atmasının gözlənildiyi qeyd edilib. Eyni zamanda Küveytin beynəlxalq hüquq çərçivəsində özünümüdafiə hüququna malik olduğu bildirilib.

Küveyt Müdafiə Nazirliyinin sözçüsü briqada generalı Səud əl-Atvan ölkəyə yönəlmiş bəzi hava hücumlarının hava hücumundan müdafiə sistemləri vasitəsilə qarşısının alındığını açıqlayıb. Onun sözlərinə görə, zərərsizləşdirilən hücumlar zamanı yaşayış məntəqələrində bəzi evlərə qəlpələr düşüb və yaralananlar olub.

Aysel Mətləb

TodayPress TV

tag: Küveyt,İraq,Etiraz,Hücum,Todaypress.tv,