Kolumbiya lideri Trampı tənqid etdi

Dünya

13.03.2026 10:11

ABŞ Prezidenti Donald Trumpın narkotik kartellərinə qarşı elan etdiyi mübarizə uğursuzdur. 

TodayPress TV  xəbər verir ki, bunu  Kolumbiya Prezidenti Gustavo Petro “Politico” nəşrinə verdiyi müsahibədə deyib.

O hesab edir ki, narkotik qaçaqmalçılığı ilə mübarizədə istifadə olunan mövcud metodlar bu qlobal problemin daha təsirli həlləri ilə əvəz olunmalıdır.

Narkotik əleyhinə siyasətin uğursuzluğunun səbəblərini izah edən Petro “mafiya konfederasiyası” anlayışını irəli sürüb. Onun sözlərinə görə, narkotik mafiyası əməliyyatlarının miqyası və rəhbərlərinin mənşəyinə görə çoxmillətli xarakter daşıyır. Bu şəbəkəyə meksikalı, fransız, alban, ərəb, amerikalı, kolumbiyalı və uruqvaylı qruplar daxildir.

Prezident qeyd edib ki, bu kriminal şəbəkə yalnız narkotik qaçaqmalçılığı ilə məhdudlaşmır; o, həmçinin orqan, insan, qadın, uşaq və silah ticarəti ilə də məşğuldur. Petro bildirib ki, bu qruplar daxili və beynəlxalq silahlı münaqişələrdən xəbərdardır və əsasən Şimal yarımkürəsində yerləşən əsas bazarlara marşrutlar yaratmaq üçün müharibələrdən istifadə edirlər.

Kolumbiya prezidenti əlavə edib ki, narkotik qaçaqmalçılığı Latın Amerikasında artıq bir milyondan çox insanın ölümünə səbəb olub. Onlardan təxminən 300 min nəfər Kolumbiyanın özündə həlak olub (Politico-nun məlumatına görə isə bu rəqəm 450 minə yaxındır).

“Əgər Amerikanı xəritə üzərində göstərib qətl səviyyəsinə görə – ən yüksəkdən ən aşağıya doğru sıralasanız, narkotik qaçaqmalçılığı marşrutlarının dəqiq haradan keçdiyini görə bilərsiniz”, – deyə Gustavo Petro bildirib.

O, həmçinin qeyd edib ki, Kolumbiyada zorakılıq səviyyəsi azalsa da, ABŞ, Meksika, Mərkəzi Amerika ölkələri və Braziliyada bu göstəricinin artdığı müşahidə olunur.

Jalə Rövşən 

TodayPress TV

tag: Kolumbiya,Narkotik kartelləri,Donald Trump,ABŞ,Todaypress.tv,