Kəşfiyyatın zirvəsində böhran: Qabbard və "CIA" arasında QARŞIDURMAYA səbəb nədir?
Dünya
23.05.2026 09:20
ABŞ Milli Kəşfiyyatının direktoru vəzifəsindən istefa verən Tulsi Qabbardın Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) ilə uzunmüddətli gizli qarşıdurmaya cəlb olunduğu bildirilir.
TodayPress TV xəbər verir ki, bu barədə “Axios” portalı məlumat yayıb. Məlumata görə, Tulsi Qabbardın rəhbərlik etdiyi Milli Kəşfiyyat Direktoru Aparatı ilə "CIA" arasında aylardır davam edən gərginlik ABŞ Senatının daxili təhlükəsizlik və dövlət islahatları komitəsində keçirilən dinləmələr zamanı üzə çıxıb.
“The Washington Post” isə Donald Trampın prezidentliyi dövründə "CIA" ilə Milli Kəşfiyyat Direktoru Aparatı arasında ciddi fikir ayrılıqlarının yarandığını və Qabbardın istefasının CIA direktoru Con Retkliffin mövqelərini gücləndirə biləcəyini yazıb.
Məlumata görə, mayın 13-də Senat komitəsində CIA əməkdaşı Ceyms Erdman ifadə verib. O bildirib ki, bir il ərzində Tulsi Qabbardın yaratdığı “Director’s Initiative Group” (DIG) adlı işçi qrupunda fəaliyyət göstərib.
Qeyd olunub ki, həmin qrup səs-küylü işlərlə bağlı araşdırmaların aparılması, sənədlərin açıqlanması və administrasiya siyasətinin pozulmasına yönəlmiş mümkün cəhdlərin müəyyənləşdirilməsi ilə məşğul olub.
Erdmanın yazılı ifadəsində "CIA"nin "DIG" qrupunun fəaliyyətinə qanuni nəzarətə mane olduğu və qrup üzvlərinə qarşı əsassız araşdırmalar apardığı iddia edilib. Onun sözlərinə görə, "CIA" bəzi sənədləri və məlumatları həm işçi qrupundan, həm də Tulsi Qabbarddan gizlədib, eyni zamanda qrup üzvlərinin kommunikasiya və kompüter fəaliyyətini izləyib.
Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Tulsi Qabbardın vəzifəsini tərk etdiyini təsdiqləyib. Tramp bildirib ki, Milli Kəşfiyyat direktorunun səlahiyyətlərini müvəqqəti olaraq Qabbardın birinci müavini Eron Lukas icra edəcək.
Tulsi Qabbard isə istefa qərarını həyat yoldaşının müalicə prosesində ona tam dəstək olmaq istəyi ilə izah edib və səlahiyyətlərin “hamar və diqqətli” şəkildə təhvil veriləcəyini bildirib.
"Reuters" isə adı açıqlanmayan mənbəyə istinadən Qabbardın istefaya Ağ ev tərəfindən məcbur edildiyini iddia edib.
Məlumata görə, Trampa yaxın sağçı siyasi fəal Laura Lumer Qabbardın işdən çıxarılmasına çalışıb. Digər tərəfdən, Respublikaçılar Partiyasının tanınmış nümayəndəsi Rocer Stoun onun vəzifədə qalmasını dəstəkləyib.
Qeyd edək ki, Tulsi Qabbard ABŞ-nin 18 kəşfiyyat qurumunun fəaliyyətinin koordinasiyasına cavabdeh şəxs hesab olunur.
tag: Tulsi Qabbard,CIA,ABŞ Milli Kəşfiyyatı,Mərkəzi Kəşfiyyat İdarəsi,Todaypress.tv,
