İsrail-Kipr-Livan bir masada? – Hersoqdan diqqətçəkən mesaj
İsrail Prezidenti İsxak Hersoq bir gün Kipr və Livan Prezidentləri Nikos Xristodulidis və Cozef Aun ilə üçtərəfli görüşdə iştirak etmək imkanının yaranacağına ümid edir.
TodayPress TV xəbər verir ki, bu barədə Kipr Respublikası Prezidentinin Administrasiyası məlumat yayıb.
Onun sözlərinə görə, belə bir görüş regionda sülhün bərqərar olmasına töhfə verə bilər.
“Arzu edirəm və istəyirəm ki, Livan, Kipr və İsrail Prezidentləri görüşə bilsinlər. Bəlkə də elə burada, Kiprdə. İstərdim ki, bir gün bu arzu gerçəkləşsin. Çünki hesab edirəm ki, biz regionda sülhə doğru irəliləməli, eyni zamanda terroru rədd etməli və kökünü kəsməli, ölkələr və xalqlar arasında rifahı təmin etməliyik. Bu, bütün regionun və bütövlükdə dünyanın mənafeyinə xidmət edər”, – deyə Kipr Respublikası Prezidentinin Administrasiyası Hersoqdan sitat gətirib.
İsrail Prezidenti Nikosiyaya dostluq mesajı ilə səfər etdiyini bildirib və ikitərəfli tərəfdaşlığın möhkəmləndirilməsinə ümidvar olduğunu ifadə edib.
Xristodulidis isə Hersoqla bütün səviyyələrdə strateji tərəfdaşlığın gücləndirilməsini, o cümlədən turizm, ticarət, təhlükəsizlik, enerji və müdafiə sahələrində əməkdaşlığı müzakirə etdiyini bildirib. Tərəflər, həmçinin Şərqi Aralıq dənizi regionunda vəziyyəti və əməkdaşlığın perspektivlərini müzakirə ediblər.
Aysel Mətləb