İran Türkiyəyə raket atılması iddiasını təkzib etdi
Dünya
05.03.2026 10:25
İran Silahlı Qüvvələri Türkiyə istiqamətində raket buraxılması barədə iddiaları rədd edib.
TodayPress TV xəbər verir ki, bu barədə İran Baş Qərargahı məlumat yayıb.
“İran Silahlı Qüvvələri qonşu və dost Türkiyənin suverenliyinə hörmət edir və bu ölkə istiqamətində hər hansı raket buraxılışını qəti şəkildə inkar edir”, – deyə açıqlamada bildirilib.
Bundan əvvəl Türkiyənin Müdafiə Nazirliyi ölkə səmasında ballistik raketin vurulduğunu açıqlamışdı. Bildirilirdi ki, raketin İrandan buraxıldığı ehtimal olunur və o, Türkiyə hava məkanına doğru hərəkət edib.
Nazirliyin məlumatına görə, raket NATO-nun Şərqi Aralıq dənizi bölgəsində yerləşən hava hücumundan müdafiə sistemləri tərəfindən vaxtında aşkar edilərək məhv edilib. Raket İraq və Suriya hava məkanından keçdikdən sonra vurulub.
Məhv edilən raketin qalıqları Hatay vilayətinin Dörtyol rayonuna düşüb. Hadisə nəticəsində xəsarət alan və ya dağıntı qeydə alınmayıb.
Qiymət Mahir
tag: İran ,Türkiyə,NATO,Şərqi Aralıq dənizi ,TodayPress TV,
