İran Kəşfiyyat Nazirliyi AzTV ilə əməkdaşlıq edənləri ağır cəza ilə hədələdi – FOTO
İranın Kəşfiyyat Nazirliyi “düşmən media qurumları” ilə bağlı siyahı yayıb. Siyahıda Azərbaycanın Az TV dövlət telekanalı, eləcə də GünAz TV, BBC Persian, Amerikanın Səsi (VOA), Azadlıq Radiosunun fars xidməti (Radio Farda), Iran International, Manoto TV və digər media qurumları yer alıb.
TodayPress TV xəbər verir ki, Azpost.info-nun məlumatına görə, Nazirliyin Baş Prokurorluğa təqdim etdiyi sənəddə bildirilir ki, adı çəkilən media qurumları ilə istənilən formada əməkdaşlıq edən, onlara məlumat, foto, video və ya digər materiallar göndərən şəxslər “Casusluğa və sionist rejimlə əməkdaşlığa görə cəzanın sərtləşdirilməsi haqqında qanunun” 4-cü maddəsi çərçivəsində cinayət məsuliyyətinə cəlb oluna bilərlər.
Siyahıda hansı media qurumları var?
Nazirliyin siyahısına daxil edilən media qurumları arasında bunlar da yer alır:
BBC Persian;
Amerikanın Səsi (VOA);
Radio Farda (Azadlıq Radiosunun fars xidməti);
Iran International;
Manoto TV;
IranWire;
Radio Zamaneh;
GünAz TV;
AZ TV;
Pars TV və digər televiziya və radio kanalları.
Sənəddə qeyd olunur ki, bu media qurumlarına informasiya ötürülməsi, foto və video göndərilməsi, eləcə də digər informasiya əməkdaşlığı milli təhlükəsizlik əleyhinə fəaliyyət kimi qiymətləndirilə və qanunvericiliyə uyğun olaraq ağır cinayət məsuliyyəti yarada bilər.
Bu addım İran hakimiyyətinin xarici media ilə əməkdaşlığa qarşı nəzarəti daha da sərtləşdirdiyini göstərir. Son illərdə Tehran xarici media qurumları ilə əməkdaşlıq edən şəxslərə qarşı oxşar ittihamlarla çoxsaylı cinayət işləri açıb.
Qeyd edək ki, sözügedən siyahı İranın Kəşfiyyat Nazirliyinin Baş Prokurorluğa təqdim etdiyi rəsmi sənəddə yer alır və fars dilində dərc olunub.
