İlon Maskın sərvəti niyə qlobal təhlükəyə çevrilir?
Dünyanın ən varlı şəxsi olan İlon Mask yaxın illərdə trilyon dollar sərvət həddinə çata bilər. Bu, təkcə iqtisadi deyil, həm də siyasi baxımdan ciddi müzakirələrə səbəb olur.
TodayPress TV xəbər verir ki, Maskın sərvəti son illərdə sürətlə artıb və onun ABŞ siyasətinə təsiri də genişlənib.
“The Guardian” nəşri 2024-cü il seçkilərində ABŞ Prezidenti Donald Tramp və digər respublikaçı namizədlərə edilən maliyyə dəstəyini buna nümunə göstərir.
ABŞ-də böyük sərvət sahiblərinin siyasi proseslərə təsiri son illərdə artıb. Milyarderlərin seçki kampaniyalarına və siyasi təşəbbüslərə ayırdığı vəsaitlər rekord həddə çatıb.
Hər gün 1 milyon dollar xərcləsək, bir trilyonu xərcləmək üçün 2700 ildən çox vaxt lazımdır. Yəni 1 milyon trilyoner üçün heç bir məna kəsb etmir.
Mask respublikaçılara 290 milyon dollar ianə verib.
Bunun müqabilində o, Tramp administrasiyasında böyük təsirə malik olub. Kabinet iclaslarında iştirak edir, dövlət səfərlərində iştirak edir və “Hökumət Səmərəliliyi Departamenti”nə (DOGE) rəhbərlik edir. Bu qurum vasitəsilə o, dövlət xərclərini kəskin azaldıb. Bəzi hesablamalara görə, yalnız USAID-in (Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyi) ləğvi nəticəsində yüz minlərlə insan, o cümlədən çoxlu uşaqlar ölüb.
Bu, yalnız Amerika məsələsi deyil. Mask Böyük Britaniya daxili siyasətinə də müdaxilə edir, hökuməti tənqid edir və sağçı qruplara dəstək verir. Dünyanın ən varlı adamı olmaq ona istədiyini danışmaq və etmək üçün tam sərbəstlik verir. Bir nəfərin əlində bu qədər böyük maliyyə və təsir imkanlarının cəmlənməsi demokratiya üçün risk yarada bilər.
Hazırkı tendensiyalar davam edərsə, qarşıdakı illərdə dünyada bir neçə trilyonerin ortaya çıxacağı gözlənilir və bu məsələ qlobal miqyasda daha çox müzakirə olunacaq.
Türkan İsgəndərli