Hörmüz boğazında ABŞ helikopteri qəzaya uğradı
ABŞ-nin "AH-64 Apache" hücum helikopterinin Hörmüz boğazında qəzaya uğramasından sonra heyət üzvlərinin sağ qaldığı bildirilir.
TodayPress TV xəbər verir ki, bu barədə “The New York Times” anonim mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, qəzanın səbəbi hələ müəyyən edilməyib. Müstəntiqlər helikopterin İran qüvvələri tərəfindən vurulub-vurulmadığını və ya hadisənin texniki nasazlıq nəticəsində baş verdiyini araşdırırlar.
"AH-64 Apache" ABŞ ordusunun və bir sıra NATO ölkələrinin istifadə etdiyi əsas hücum helikopterlərindən biridir. Bu helikopter zirehli texnikaya qarşı əməliyyatlar, quru qoşunlarına dəstək və hava hücumundan müdafiə sistemlərinin zərərsizləşdirilməsi üçün nəzərdə tutulub.
Hadisə ABŞ ilə İran arasında münasibətlərdə gərginliyin davam etdiyi bir dövrdə baş verib. İyunun 7-də ABŞ Prezidenti Donald Tramp Vaşinqton və Tehranın mümkün razılaşmaya yaxın olduğunu bəyan etmişdi. Onun sözlərinə görə, tərəflər arasında yalnız bir neçə məsələ açıq qalırdı.
Lakin həmin günün axşamı İranın, apreldə qüvvəyə minmiş atəşkəsdən sonra ilk dəfə olaraq, İsrail ərazisinə bir neçə raket buraxdığı bildirilmişdi.
Türkan İsgəndərli