Gürcüstan İsraildən yeni hava hücumundan müdafiə texnikası alır

Gürcüstan İsraildən yeni hava hücumundan müdafiə texnikası alır
30.11.2025 18:00 Dünya

Ukraynaya məxsus An-124 “Ruslan" yük təyyarəsi İsraildən Gürcüstana "Spyder" hava hücumundan müdafiə sisteminə aid hərbi yük çatdırıb.

TodayPress TV xəbər verir ki, bu barədə hərbi müşahidəçilər sosial şəbəkələrdə yayımladıqları görüntülərə istinadən məlumat veriblər.

Videolarda İsrailin Tel-Əviv şəhərindəki Ben Qurion hava limanında üç ədəd "ZRK Spyder" buraxılış qurğusunun təyyarəyə yükləndiyi görülür. Təyyarənin daha sonra Tbilisi Beynəlxalq Aeroportuna endiyi müəyyən edilib.

Məlumata görə, Gürcüstan 2008-ci ildə İsrailin “Rafael” şirkətindən "Spyder-SR" tipli qısa mənzilli zenit-raket kompleksinin bir batareyasını almışdı. Bu sistem "Python-5" və "Derby" tipli “hava-hava” raketlərindən istifadə edir və hava hədəflərini 20 km-ə qədər məsafədə məhv edə bilir.

KİV yazır ki, Tbilisiyə gətirilən qurğular mövcud sistemlərin modernizasiyası ilə bağlı ola bilər. Daha əvvəl Gürcüstanın kompleksləri MR versiyasına yüksəltməyi planlaşdırdığı bildirilib. Bu halda raketlərin fəaliyyət radiusu 40 km-ə qədər artırılacaq.

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər