Fransada Avropa Parlamentinin önündə etiraz aksiyası keçirildi
Dünya
21.01.2026 11:18
Fransanın Strasburq şəhərində Avropa Parlamentinin binası önündə minlərlə fermerin iştirakı ilə kütləvi etiraz aksiyası keçirilib.
TodayPress TV xəbər verir ki, bu barədə “DW” nəşri məlumat yayıb.
Bildirilib ki, aksiyada 4 mindən çox insan iştirak edib.
Etirazçılar Avropa Parlamentinin qarşısında traktorlarını sıraya düzərək Avropa İttifaqı (Aİ) rəhbərliyini tənqid edən şüarlar səsləndiriblər.
Qeyd edək ki, etirazlara səbəb Aİ ilə Cənubi Amerikanın “Mercosur” ticarət bloku ölkələri arasında azad ticarət sazişinin imzalanması olub. Bildirilir ki, Aİ tarixində ən böyük ticarət razılaşması hesab edilən bu saziş üzərində təxminən 25 il ərzində danışıqlar aparılıb.
Brüsseldə ümid edirlər ki, razılaşma Avropa İttifaqından Cənubi Amerikaya illik mal ixracını 39% artıracaq və bu yolla Avropa üzrə 440 mindən çox iş yerinin qorunmasına imkan verəcək.
Lakin Avropada kənd təsərrüfatı sektoru nümayəndələri istehsal standartları bəzən Avropa tələblərinə cavab verməyən ucuz məhsulların bazara daxil olacağından narahatdırlar.
Aysel Mətləb
tag: Strasburq ,Avropa ,Etiraz,Mercosur,
