Fidan Bakı-İrəvan xəttindən danışdı: "Azərbaycanın qanuni narahatlıqları nəzərə alınmalıdır"
Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankara və İrəvan arasında münasibətlərin normallaşması prosesində son dörd ildə əhəmiyyətli irəliləyiş əldə olunduğunu bəyan edib.
TodayPress TV xəbər verir ki, bu barədə o, İstanbulda keçirilən Türkiyə, Azərbaycan və Gürcüstan xarici işlər nazirlərinin üçtərəfli görüşünün yekunlarına dair danışarkən deyib.
"Ermənistanla münasibətlərin normallaşması prosesi eyni axarda və Azərbaycanla sıx koordinasiyada davam edir. Son dörd ildə əhəmiyyətli irəliləyiş əldə olunub. Bizim fikrimizcə, Cənubi Qafqaz üçün əsas imkan və hədəf bundan ibarətdir: sülhün əsasları möhkəmləndikcə, nəqliyyat infrastrukturunun inkişafı layihələri daha da mühüm nəticələr verəcək. Nəqliyyat infrastrukturu gücləndikcə isə, öz növbəsində sülhün sosial-iqtisadi təməli də möhkəmlənəcək", – deyə H. Fidan bildirib.
O qeyd edib ki, bu konsepsiyanın ən ümidverici təsdiqi Azərbaycanla Ermənistan arasındakı sülh prosesində görünür:
"Tərəflərin iradəsi regionumuz üçün konkret imkanlar açıb. Biz Azərbaycan və Ermənistan arasındakı sülh prosesini dəstəkləyirik və sülh müqaviləsinin gecikdirilmədən imzalanacağına ümid edirik. Biz həmçinin ümid edirik ki, Azərbaycanın qanuni narahatlıqları nəzərə alınacaq və sülh müqaviləsi ləngimədən imzalanacaq".
Nazir həmçinin əlavə edib ki, iclasda üç ölkə Qafqaz regionunun gələcəyinə dair ortaq iradəsini yenidən təsdiqləyib.
Aysel Mətləb