Ermənistan və Gürcüstan Yaxın Şərqə yardım məsələsini müzakirə etdilər
Dünya
04.03.2026 13:13
Ermənistan və Gürcüstanın xarici işlər nazirləri Ararat Mirzoyanla Maka Boçoraşvili Yaxın Şərqdəki səfirliklər vasitəsilə vətəndaşlara yardım göstərilməsi sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.
TodayPress TV xəbər verir ki, bu barədə "Sputnik Ermənistan" məlumat yayıb.
Görüş martın 4-də Siqnagi şəhərində keçirilib.
Tərəflər Yaxın Şərqdəki mövcud vəziyyətə toxunaraq, gərginliyin azaldılmasının və münaqişələrin sülh yolu ilə həllinin vacibliyini vurğulayıblar. Birgə bəyanatda qeyd olunub ki, iki ölkənin Yaxın Şərqdəki daimi səfirlikləri tərəfindən vətəndaşlara yerində yardım göstərilməsi sahəsində əməkdaşlıq mühüm əhəmiyyət daşıyır.
Görüş, Ermənistan-Gürcüstan iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 15-ci iclası ərəfəsində baş tutub. Nazirlər ikitərəfli münasibətlər və regional əməkdaşlıqla bağlı digər məsələləri də müzakirə ediblər.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail Tehran da daxil olmaqla İrandakı hədəflərə zərbələr endirməyə başlayıblar. Mülki şəxslər arasında itkilər və dağıntılar barədə məlumat verilib. İran isə cavab olaraq İsrail ərazisinə və Yaxın Şərqdəki ABŞ hərbi obyektlərinə zərbələr endirib.
Türkan İsgəndərli
tag: Ermənistan,Gürcüstan,Yaxın Şərq,Yardım,Todaypress.tv,
