Əraqçi ABŞ-yə xəbərdarlıq etdi: "Hərbi qüvvələr bölgəni tərk etsin"
İranın xarici işlər naziri Abbas Əraqçi ölkə sərhədlərinə yaxın yerləşən xarici hərbi qüvvələri bölgəni tərk etməyə çağırıb.
TodayPress TV xəbər verir ki, bəyanat Hörmüz boğazı yaxınlığında Amerika hərbi helikopteri ilə bağlı insident fonunda səsləndirilib.
Belə ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) "AH-64 Apache" helikopterinin Oman sahilləri yaxınlığında patrul uçuşu zamanı qəzaya uğradığını açıqlayıb. Məlumata görə, hər iki pilot təxminən iki saat sonra xilas edilib və vəziyyətləri stabildir.
ABŞ Prezidenti Donald Tramp isə helikopterin İran tərəfindən vurulduğunu iddia edərək, Vaşinqtonun buna cavab verməli olduğunu bildirib.
Əraqçi sosial şəbəkədə paylaşımında qeyd edib ki, İran ərazisi yaxınlığında fəaliyyət göstərən xarici qüvvələr səhvlər, qəzalar və ya təsadüfi atəş riski ilə üzləşirlər.
"Biz diplomatiya dilinə üstünlük veririk, amma başqa dillərdə də danışırıq", - deyə o əlavə edib.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrailin İrandakı hədəflərə zərbələr endirdiyi, daha sonra aprelin 8-də tərəflər arasında iki həftəlik atəşkəs elan olunduğu bildirilmişdi. Atəşkəsdən sonra genişmiqyaslı hərbi əməliyyatların bərpa olunduğu açıqlanmasa da, ABŞ-nin İran limanlarına qarşı blokada tədbirləri tətbiq etdiyi qeyd edilir.
Hazırda Tehran və Vaşinqton arasında danışıqlar davam edir. Tərəflər mümkün çərçivə razılaşması üzərində işləsələr də, bölgədə gərginlik hələ də yüksək olaraq qalır.
Türkan İsgəndərli