Elm aləmini silkələyən kəşf: İnsan ürəyi yenidən bərpa oluna bilər
Dünya
03.11.2025 18:45
ABŞ-nin “Mount Sinai” xəstəxanasının alimləri sübut ediblər ki, adətən doğuşdan sonra deaktiv olan CCNA2 (Cyclin A2) geni yenidən aktivləşdirildikdə ürək hüceyrələrinin bölünməsini və zədələnmiş toxumaların bərpasını təmin edə bilir.
TodayPress TV xəbər verir ki, tədqiqatın nəticələri “npj Regenerative Medicine” jurnalında dərc olunub.
Alimlər virus əsaslı təhlükəsiz vektor vasitəsilə CCNA2 genini aktivləşdirərək orta yaşlı insanlarda ürək əzələsi hüceyrələrinin yenidən bölünməsini müşahidə ediblər. Bu, uzun illər “bərpa olunmayan” hesab edilən ürək hüceyrələrinin yenidən funksional toxumalar yarada biləcəyini sübut edən ilk elmi dəlildir.
Təcrübələr zamanı 21, 41 və 55 yaşlı donorların ürək hüceyrələrindən istifadə olunub. Nəticədə CCNA2 terapiyası yaşlı donorların hüceyrələrində bölünməni aktivləşdirib, lakin 21 yaşlı donorun hüceyrələrinə təsir etməyib. Bu, gənc orqanizmlərdə təbii regenerasiya potensialının daha yüksək olduğunu təsdiqləyib.
Daha əvvəl doktor Hess Çaudrinin rəhbərlik etdiyi eyni komanda donuz ürəyində infarktdan sonra bərpanı CCNA2 vasitəsilə uğurla nümayiş etdirmişdi. Yeni tədqiqat isə həmin mexanizmin insan hüceyrələrində də təhlükəsiz şəkildə işlədiyini təsdiqləyib.
Mütəxəssislər bildirirlər ki, CCNA2 geni hüceyrələrdə böyümə proseslərini aktivləşdirərək ürək toxumalarının “zamanı geri çevirməsinə” imkan yaradır — hüceyrələr həm bölünür, həm də yetkinliklərini itirmir. Bu yanaşma ürək xəstəliklərinin simptomatik müalicəsindən real bərpa mərhələsinə keçidi mümkün edə bilər.
Qiymət Mahir
tag: ABŞ,Alimlər,Virus,CCNA2 ,Todaypress.tv,
