Dünyanın yarısı İranın əlinə keçmək üzrədir
Husilər Yəmənin Qırmızı dəniz sahilində genişmiqyaslı irəliləyiş əldə edərək Mokha, “Əl-Xovxa” və Hays daxil olmaqla, bir gün ərzində təxminən 2 min kvadratkilometr ərazini ələ keçiriblər.
TodayPress TV xəbər verir ki, bu barədə “CIG” Telegram kanalı məlumat yayıb.
İddialara əsasən, husilərin 24 saat ərzində üç sahil şəhərinə nəzarəti ələ keçirməsi Ənsarullahın Qırmızı dənizlə Ədən körfəzi arasında əsas dəniz keçidi olan Bab əl-Məndəb boğazına nəzarət imkanlarını əhəmiyyətli dərəcədə artırıb.
Analitiklərin bildirdiyinə görə, Taiz şəhəri hazırda əməliyyat mühasirəsi ilə üz-üzədir. Hökumətin nəzarətində qalan son Qırmızı dəniz limanlarından biri olan Dubabın da növbəti hədəf olduğu bildirilir.
Qeyd olunur ki, Dubabın itirilməsi Prezident Liderlik Şurasının Qırmızı dəniz sahilindəki limanlara çıxışını faktiki olaraq aradan qaldıra bilər. Bu isə Qırmızı dəniz marşrutunun təhlükəsizliyi ilə bağlı ciddi narahatlıq yaradır.
Məlumatda həmçinin bildirilir ki, İranın Hörmüz boğazına nəzarəti fonunda Qırmızı dəniz alternativ enerji və ticarət marşrutu kimi mühüm əhəmiyyət daşıyır. Bu səbəbdən Səudiyyə Ərəbistanı neft ixracının bir hissəsini Yanbu və Cizana yönəldib, Misirin Sidi Kərir terminalında isə həcmlərin artırıldığı qeyd olunur.
İddialara görə, bu marşrutun mühüm hissəsi Mokhadan keçir. Səudiyyə Ərəbistanının Sənaya qarşı yeni hərbi əməliyyat elan etməsindən bir neçə gün sonra sahildə ərazilərin itirilməsi isə müharibənin gedişatı ilə bağlı suallar yaradıb.
Analitiklər hesab edirlər ki, Dubabın da husilərin nəzarətinə keçməsi Yəməndə qüvvələr nisbətini dəyişməklə yanaşı, Avropa ilə Asiya arasında mühüm dəniz ticarət xəttinin təhlükəsizliyinə ciddi təsir göstərəcək.
Jalə Rövşən