Dərbənddə evlər su altında qaldı

Dünya

06.04.2026 03:58

Dərbənddə (Dağıstan, Rusiya) yerləşən Qecux su anbarı intensiv yağışlar nəticəsində həddindən artıq dolub, bu da torpaq bəndin yarılmasına və yaxınlıqdakı yaşayış məntəqələrinin su altında qalmasına səbəb olub.

TodayPress TV "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən bildirilib.

"Bol yağıntılar səbəbindən su anbarı həddindən artıq dolub, bu da torpaq bəndin dağılmasına səbəb olub. Hadisə yerinə Rusiya FHN-in əlavə qüvvə və vasitələri cəlb edilib", - agentlik qurumun rəsmi məlumatını çatdırıb.

İlkin məlumatlara görə, Məmmədqala qəsəbəsində 30-a yaxın yaşayış evi su altında qalıb, təxliyə tədbirləri həyata keçirilir.

"Yarılma sahəsinə 40 xilasedici və beş ədəd xüsusi texnikadan ibarət qrup göndərilib. Altı müvəqqəti yerləşdirmə məntəqəsinin işi təşkil olunub", - qurumdan məlumat verilib.

Bazar günü daha sonra Dərbəndin rəhbəri Elman Allahverdiyev bildirib ki, subasma zonasından bütün sakinlər uğurla təxliyə ediliblər.

TodayPress TV



tag: Dərbənd ,Bənd ,Daşqın ,Sel ,Todaypress.tv,