Dəmir yollarından Qara dəniz limanlarına qədər: Ukraynada hansı obyektlər vuruldu?
Rusiya Silahlı Qüvvələri Ukraynada hərbi məqsədlər üçün istifadə olunan enerji, liman və dəmir yolu infrastrukturu obyektlərinə zərbələr endirib.
TodayPress TV xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin açıqlamasında bildirilib.
Məlumata görə, gecə saatlarında Rusiya ordusu Ukraynanın müxtəlif bölgələrində hərbi məqsədlərlə istifadə olunan infrastruktur obyektlərini hədəfə alıb.
Bildirilib ki, Rovne vilayətində Ukrayna ordusunun logistika obyektlərinin fəaliyyətini təmin edən transformator yarımstansiyası, Odessa vilayətindəki Çornomorsk limanının bərə terminalı və transformator yarımstansiyası, Dnepropetrovsk şəhərində isə dəmir yolu stansiyasının yaxınlığında iki lokomotiv vurulub.
Açıqlamada, həmçinin Qara dənizdə hərbi yüklər daşıyan gəminin də hədəfə alındığı qeyd olunub. Hücumlar zamanı pilotsuz uçuş aparatlarından (PUA) istifadə edildiyi bildirilib.
Rusiya Müdafiə Nazirliyinin məlumatına əsasən, gecə ərzində Ukraynaya məxsus 533 PUA ölkənin müxtəlif bölgələri üzərində hava hücumundan müdafiə sistemləri vasitəsilə məhv edilib.
Aysel Mətləb