Britaniya Rusiyanın nüvə qüvvələrinin yerləşdiyi əraziləri hədəfə ala bilər

Britaniya Rusiyanın nüvə qüvvələrinin yerləşdiyi əraziləri hədəfə ala bilər
14.11.2026 23:05 Dünya

Böyük Britaniyanın keçmiş baş naziri Rişi Sunak Rusiyanın hərbi təhdidlərini çəkindirmək üçün ölkəsinin Arktikadakı Rusiya hərbi bazalarına zərbələr endirməyə hazır olmalı olduğunu bildirib.

TodayPress TV xəbər verir ki, Sunak bu barədə “The Sunday Times” qəzetində dərc olunan məqaləsində yazıb.

Onun sözlərinə görə, Rusiya Kola yarımadasında hərbi mövcudluğunu fəal şəkildə artırır. Həmin ərazidə Rusiyanın Şimal donanması yerləşir və nüvə qüvvələrinin əhəmiyyətli hissəsi cəmləşib. Eyni zamanda, Rusiya donanmasının Böyük Britaniya sahilləri yaxınlığındakı fəallığı 41% artıb.

Sunak əsas təhlükənin Şimali Atlantika üzərində nəzarətin itirilməsi olduğunu vurğulayıb. Onun fikrincə, müharibə baş verəcəyi təqdirdə bu, ABŞ qoşunlarının və hərbi texnikasının Avropaya göndərilməsini çətinləşdirə bilər.

Bundan əlavə, beynəlxalq internet trafikinin təxminən 99%-nin ötürüldüyü sualtı kabellər də təhlükə altına düşə bilər.

Keçmiş baş nazir sualtı müşahidə imkanlarının gücləndirilməsini, Şimali Avropa müttəfiqləri ilə birgə əməliyyatların artırılmasını və Britaniya xüsusi təyinatlı qüvvələrinin Arktikada fəaliyyətə hazırlanmasını təklif edib.

“Rusiyaya göstərməliyik ki, münaqişə baş verəcəyi təqdirdə onun bazalarını təhlükə altına sala bilərik”, – deyə Sunak bildirib.

Onun fikrincə, Ukraynadakı müharibənin nəticəsindən asılı olmayaraq, Rusiya Prezidenti Vladimir Putin Qərbin gücünü sınamağa davam edəcək. Buna görə də Rusiyanın çəkindirilməsi onun hərbi infrastrukturuna real zərbə endirmək imkanını da əhatə etməlidir.

Kübra Musayeva

XƏBƏR LENTİ
14 NOYABR 2026
Bütün Xəbərlər